Bu gün İzzət Həmidovun şəhadətə qovuşduğunun ildönümüdür. Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə şəhidimizin ailə üzvlərinə baş sağlığı verir.

İzzət Həmidov 28 fevral 2000-ci ildə doğulub. 2020-ci il oktyabrın 9-da Füzulinin Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, bu zaman bir ilin əsgəri olub.

Şəhidimizin anası Vəfa İsmayılova oğlu ilə bağlı xatirələrini bizimlə bölüşüb. 3 oğul anası olduğunu bildirən Vəfa xanımın sözlərinə görə, İzzət onların ən böyüyü olub.

“İzzət həm də ən ağıllı oğlum idi. 12 yaşına kimi rəqqas idi, telekanallara da dəvət edirdilər. Bir az böyüyəndən sonra rəqsdən uzaqlaşdı. Eyni zamanda, uşaqlıqdan futbol həvəskarı idi. Bakının AZAL klubununun aşağı yaş qrupunda çıxış edirdi. İzzət əsgərliyə könüllü gedib. Çünki uşaqlıqdan böyrəyində, ayağında problem var idi deyə, hərbi xidmətə yararlı deyildi. Buna görə dövlət tərəfindən oğluma aylıq müavinət də verilirdi. Amma oğlum hərbi xidmətə getmək üçün həmin müavinətdən imtina etdi. Bir il hərbi komissarlığa gedib inad etdi ki, məni əsgərliyə aparın. Deyirdi ki, hərbi formanı geyinmək ən böyük arzumdur. Böyrəyindəki problemə görə oğlumdan xahiş etdim ki, futboldan uzaqlaşsın. Sonra AAFF Parkda lahmacun-pizza ustası kimi işləməyə başladı. İki ildən çox orada işlədi. Şəhid Dövlətzadə Cəbrayıl ilə bir yerdə işləyirdilər, dost idilər. Cəbrayıl da orada aşpaz idi”.