Gözlənilən və təəssüflənəcəyimiz hadisə baş verdi.
Bayden 40 ildən sonra erməni soyqırımı ifadəsini işlədən ilk ABŞ prezidentidir. 1981-ci ildə ABŞ prezidenti Reyqan bu ifadəni işlədib. Baydenin müraciətində deyilir ki, 1915-ci ildə Osmanlı İmperiyasında milyon yarım erməni deportasiya edilib, öldürülüb.
Türkiyənin, habelə Azərbaycanın erməni soyqırım ilə bağlı mövqeyi bəlli və aydındır. Ermənilərin 1915-ci ildə Osmanlı Türkiyəsində yaşanmış olaylarla bağlı soyqırıma məruz qalmaq ifadəsini şüara çevirmələri yolverilməzdir, tarixi təhrif etməkdir və yalandır. Bu məsələni siyasətçilər yox, tarixçilər araşdırmalı, məhz tarixçilər tanıyıb-tanımımaqla bağlı qərar verməlidir.
Erməni soyqırımının sırf siyasi məqsədlərə görə tanımaq, etiraf etmək tarixi saxtalaşdırmaqdır. Çox təəssüf ki, ikili standartlar dünyasında Türkiyənin haqq səsi deyil, ermənilərin yalanları daha çox ayaq açıb yeriyir. Artıq Uruqvay, Rusiya, Kipr, Yunanıstan, Kanada, Livan, Belçika, Fransa, Argentina, İsveç, İsveçrə, Niderland, Slovakiya, Litva, Venesuela, Polşa, Çili parlamentləri uydurma erməni soyqırımının tanınması haqqında qərar qəbul ediblər. ABŞ-ın 50 ştatından 47-si artıq uydurma soyqırımı tanıyıb və aprelin 24-ü soyqırım qurbanlarının xatirəsinin anım günü elan edilib. Uydurma erməni soyqırımını həmçinin Avropa Şurası və Avropa Parlamenti də tanıyıblar. Deməli, Avropanın bəzi demokratik quruluşlarında və dövlətlərində erməni iftiraları həqiqət, türklərin həqiqəti isə cinayət hesab edilir.
Bu qərarda uduzan Türkiyə yox, ABŞ və ermənilər olacaqlar.