Xronologiyaya nəzər yetirdikdə hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini gənc nəsilə bağlayır. Gənc nəslin intellektual yetişdirilməsi hər bir ölkə üçün ən başlıca müdafiə strategiyasıdır. Dünyanın əksər ölkələrində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri və yaşlı nəslin davamçısı hesab olunur. Gənclər ən dinamik təbəqə olmaqla cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Ökədə baş verən bütün proseslərin mərkəzində dayanan gənc nəsil özünüidarə funksiyasını bu hadisələrə futurist yanaşdıqca daha da təkmilləşdirir. Nəsillər dəyişir və ölkələr inkişaf edir, amma ənənələr və mental dəyərlər gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasını və nəticə etibarilə ölkənin çiçəklənməsini həmişə təmin edir.

Belə bir aksioma var ki, hər bir cəmiyyət gəncləri öz mədəni ruhu ilə tərbiyə edir. Düşmənlərlə mütəmadi mübarizə həyat tərzi keçirən xalqımızın söz sənəti də qəhrəmanlıq tərənnüm edən dastan və poemalarla zəngindir. Bəli, Azərbaycan gənci daima döyüş meydanlarında, zəfərlərdə böyümüş və inkişaf etmişdir. Azərbaycan gənci böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurmuşdur. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətlərində yüksək vətəndaşlıq hisslərinə malik olduqlarını nümayiş etdirirlər. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.

Məqalə müəllifi : İsgəndərov Kamran (AVP Media/Səs prodüseri)