Qarabağ münaqişəsində Azərbaycan ciddi xəsarətlər aldı. Buna baxmayaraq biz gücümüzlə qələbəmizi qazanmış olduq. Bütün şəhərlərimiz, onların əhalisi maddi və mənəvi baxımdan ziyanlar gördü. Cəbhə boyu ərazilərdə isə dağıntılar daha çox oldu. Bu ərazilərdən biri də Tərtər şəhəridir. Münaqişə zamanı düşmən tərəfindən alçaqcasına Tərtərin qeyri-hərbi ərazilərinə atılan mərmilər evlərin dağılmasına, yaşayış yerlərindəki həyət sahələrinin faydasız hala çevrilməsinə səbəb oldu. Bundan başqa düşmənin atəş hədəfinə tuş olan insanlar da, çox təəssüf ki, az olmadı. Atılan atəşlərdən xəsarət alan şəxslərlə yanaşı, həyatını itirənlər də vardı. Bu düşmən tərəfinin törətdiyi müharibə cinayəti idi. Bütün bunlara baxmayaraq Tərtər sakinləri qorxu bilmədən düşmənə yaxın olan ərazilərdə yaşamağa davam edirlər. Onlar Vətən torpağını həmişə əziz tutaraq vətən sevgisinin və şanlı ordunun onları qoruyacağına əmindirlər. Tərtər oğullarının bir çoxu Vətən müharibəsində könüllü olaraq Ordumuza yazıldı və Qarabağın azadlığı uğrunda döyüşlərdə iştirak edib qəhrəmancasına şəhid və qazi oldular. Birinci Qarabağ müharibəsində olduğu kimi bu döyüşlərdə də Tərtər alınmaz qala olaraq düşmənə qan uddurdu.. Bu münaqişədə bizim itkilərimiz çox oldu. Ancaq biz qürur duyuruq ki, qeyrətli oğullarımızın sayəsində qələbə qazandıq. Və tökülən qanlar yerdə qalmadı.

AZƏRBAYCAN VƏTƏNPƏRVƏRLƏR PARTİYASININ GƏNCLƏR TƏŞKİLATININ SƏDRİ – ƏLİ HÜSEYNLİ