Bu gün Azərbaycanın ilk qadın Milli Qəhrəmanı olan Salatın Əsgərovanın anadan olduğu gündür. Biz hər birimiz bu gün Milli Qəhrəmanımızı hörmətlə anırıq.
Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdu. Elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. İnstitutu bitirirərək geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər, əsasən, Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi, iş yoldaşları ondan bərk nigaran idilər. Dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər.
Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” idi. O, “Molodyoj Azerbaydjana” qəzetinin 1991-ci il 3 yanvar tarixli sayında, təkcə azərbaycanlı döyüşçülərin igidliyindən yazmır, həm də imperiya nökərlərini kəskin tənqid edirdi.
Salatın sonuncu dəfə evdən çıxanda qapıdan geri qayıdır. Yatmış azyaşlı oğlunu öpür və sonra yola düşür. 1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolu üzərində olduğu avtomobil atəşə tutulur. Jurnalist bu zaman həyatını itir.
Azərbaycan xalqı güclü xalqdır. Bu xalqın güclü olmasını onun yetişdirdiyi ləyaqətli övladlar bir daha təsdiq edir. Salatının qismində bütün qoçaq vətən qızlarımızla fəxr edirik.

Redaktor: ƏHLİM SADIQBƏY