Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə :

Bu gün Azərbaycanda arzularla və reallıqla yaşayanlar arasında ciddi fikir ayrılıqları göz önündədir.
Bir böyük kütlə deyir ki, “200 ildə ola bilmədiyimiz ən yaxşı yerdəyik”. Bir başqaları isə “dəyişən nə oldu?” deyir. Biriləri deyir ki, “rusları bura buraxmamalıydıq, buraxmışıqsa indi də qovaq”. Digərləri cavab olaraq “dünyanın illərdi mübarizə apardığı ruslarla biz 44 gündə qalıb gələk?” deyir. Bəziləri “zatən biz bu torpaqları sülh yolu ilə ala bilərdik, niyə bu qədər vətənpərvərləri itirdik?” deyə etirazını bildirir. Bəziləri isə “biz bu müharibə ilə dünyaya, Qafqaza illərdir yanlış fikirdə olduqlarını göstərdik. Biz bu qələbəni gücümüz hesabına, qardaşlarımızın qanı hesabına aldıq deyə bu qələbə bizə bu qədər əziz və doğma oldu” deyirlər.
Mənim fikrimcə bu ərəfələrdə ,hətta “Vətən” mövzusunda, “Qarabağ” mövzusunda müxalif olmamalıyıq. Müxalif olacağımız mövzular həddindən artıq çoxdur və indi zamanı deyil.
Hər birimiz rusların hansı səbəbdən, necə gəldiyini az-çox bilirik. Amma bu günlərdə özlərini “ağıllı” , “uzaq görən” kimi göstərənlər “mən demişdim” , “belə olacağı bəlli idi” deməsinlər!
Biri Turan istəyir, biri SSSR. Biri İslam respublikası, digəri Avropa. Cəmiyyətimizdə fikir ayrılıqları yaratmaqla əsas və vacib amalımızdan bizi uzaqlaşdırırlar.
Əlbətdə 27 il əvvəl olanları unutmadan, düşmənimizin “tülkülüyündən”, havadarının gücündən qorxmadan, millət olaraq, birlik olaraq bu problemi birgə həll etməliyik. Müxalifət və iqtidar olaraq yox, media və vətəndaş cəmiyyəti olaraq yox! Biz indi daha çox birləşməliyik, yalnız öz xeyrimizə çalışmalıyıq, qərarlar verməliyik.
Dövlət siyasəti, planları siravi vətəndaşın düşüncələri kimi bəsit və qısa müddətli deyil. 5000 Türk əsgərini Qarabağa aparmaqla, Xankəndinə indi bayraq sancmaqla, ermənilərin yaşadığı ərazilərdə milli valyutamızdan məcburi istifadə etdirməklə bütün problemləri həll edə bilməyəcəyik. Problemi həll etmək üçün səbirlə, planlı şəkildə işləri həyata keçirmək lazımdır.
İslam coğrafiyasinda müharibə varsa orada mütləq böyük Amerika, güclü Rusiya, fitnəli İran və “demokratik” Avropanı görəcəyik. Biz heç zaman başqalarının torpağına göz tikmədik. Dərbəddən, Təbrizdən, İrəvandan, Zəngəzurdan, Göyçədən, Borçalıdan danışanda biz öz tarixi torpaqlarımızdan danışırıq. Əlbətdə könül istər bu və digər bizə ait olan torpaqlar bizim ərazi bütövlüyümüzə ait olsun. İnşallah bütün problemləri bir-bir həll edəcəyik. Bizim olanı isə bizdən heç kim əbədiyyən ala bilməz! Birliyimizlə, imanımızla, mədəniyyətimizlə, inancımızla, ədalətimizlə və ən əsası ölüm qoxan ordumuzla həll edə bilməyəcəyimiz problem yoxdur! Amma dünya və ölkə reallıqları düşünməyə və düzgün qərar verməyə bizi məcbur edir.