Bir daha salam, Dünya. Bu sənə neçənci müraciətimdir xatırlamıram. Dəfələrlə müraciət etsəm də sən mənim xalqıma qarşı ədalətini əsirgəmişdin. Bəlkədə sən nə qədər böyük olsan da bəzi güclərə qarşı səsini çıxaracaq qədər cəsarətin qalmayıb. Bu dəfə bir çox şey dəyişib. Bu dəfə sənə qalib ölkənin qürurlu bir o qədər də hüzünlü vətəndaşı kimi müraciət edirəm. Bu dəfə ədaləti özümüz bərpa etdik. Bunu mənim şanlı ordum etdi. Biz ölkə başçımızın arxasında birləşib onun dediyi kimi “ Dəmir Yumruq” olduq. 2783 qəhrəman şəhid oldu və daha minlərlə qazi. Onların bizim əbədi qəhrəmanlarımızdır. Çünki onlar bizə heç kimin etmədiyini etdilər. Özümüz özümüzə yetdik. Həmin qazilərin hansından soruşulsa şərəfli ölüm olan şəhidlik zirvəsi üçün hazır olduqlarını deyər. Bunu bəlkə də bizdən başqası anlamaz biz döyüş istəmirik, amma haqqımızı alırıq. Çünki, əziz Dünya, bunu bizdən başqa heç kim etməyəcək. O qaziləri zəfər yürüşündə görən bütün xalq qəhrəmanı kimi qarşıladı. Bunu bir superqəhrəman nağılına bənzədə bilərsən, amma bu dəfə real idi. Həmin qəhrəmanların super gücləri yoxdur, amma vətən üçün döyünən böyük qəlbləri var. Ən dəyərli şey olan ailələrini, daha sonra işlərini qoyub heç həyat təhlükəsini düşünmədən getmişdilər. O qəhrəmanları görən onları tanımayan analar onları elə bağrına basırdılar ki, onların gətirdiyi zəfərin bağrımızdakı yaraya məlhəm olduğu kimi. Dünya, bəlkə səndə o qəhrəmanları tanısan məni anlayarsan. Çünki sözlər aciz qalır. Bu qəhrəmanlar qəddar deyillər içlərində böyük mərhəmət var. Şəhid olan qəhrəmanların hüznünü daşıyırlar. Üzümüzdəki ifadə ona görədir. Onlar heç bir mülki insana qəddarlıq etməyib, səni aldadan qüvvələr olur,ona görə bunu deyirəm. Bu dəfə səndən ədalət istəməyəcəm, çünki mənim güclü xalqım, güclü ordum, güclü ölkə başçım var. Sadəcə mənim bu qəhrəman şəhidlərimi və qazilərimi unutma. Bəlkə tarixin boyu birdə belə xalq və onun qəhrəmanlarını görə bilməzsən. Bizi unutma, düzdür biz özümüzü bundan sonra unutdurmarıq!
Sağlam, ədalətli günlərə…..