10 dekabr – Azərbaycan Zəfərinin təntənəli şəkildə qeyd edildiyi gün. Bu gün şanlı zəfərimizi birlikdə qeyd etdik. Bir yumruq altında birləşən xalq kimi. Hər kəsin gözündəki zəfər qığılcımını görmək nə qədər də xoş idi. Hansı ki bu gözlər 90-cu illərin yükü ilə, dərdi ilə dolub qalmışdı. İndi heç kəsdə həmin dərd yox idi. Hamı sevinclə meydana toplaşmışdı. Meydanda toplaşan xalqın qazilərimizə olan səmimiyyətini vurğulamamaq olmaz. Qazilərimizə xeyir-dua verən anaları, onlara minnətdarlıq edən ataları, əllərindən öpən bacı-qardaşları görmək qürurverici hiss idi. Zəfər paradının iştirakçıları – rəşadətli hərbiçilərimizin yürüşü zamanı hər kəsi bir fikir düşündürürdü: “Mənim həqiqətən də fəxr edəcəyim, hər zaman güvənəcəyim ordum var”. Biz həmişə ordumuza güvənmişik. Həmişə ordumuzla fəxr etmişik. Bunun üçün yetərli səbəblərimiz var. Vətən oğulları hər zaman layiqli şəkildə torpaqlarımızı qoruyublar. Heç vaxt düşmənə aman verməyiblər. Nə bahasına olursa-olsun özlərini düşmən gülləsinin qarşısına atıblar. Bizim rahat yaşamağımız üçün, Vətənin azadlığı üçün canlarını qurban vermiş igidlərimizlə həmişə fəxr edəcəyik. Onların ruhunu həmişə əziz tutacağıq. Bu paradda şəhid olmuş igidlərimizin cisimləri olmasa da, ruhları xalqın ürəyində idi. Sanki, onların ruhları parad yürüşündə addımlayır, addımlarının səsi eşidilirdi. Paradı izləməyə gələn şəhidlər vermiş xalq başı dik dayanmışdı. Şəhid ailəsinə, xalqına yaraşdığı kimi başı dik və məğrur.
Zəfərimizin memarı olan Ali Baş Komandan qürur və sevinc hissi ilə xalq önündə çıxış etdi. Onun söylədiyi “Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!” – sözləri hər kəs tərəfindən rəğbətlə qarşılandı.
Əsl qardaşımız olan Türkiyə Cümhuriyyəti həmişə olduğu kimi bu gündə də bizi tək qoymadı. Zəfərimizi bir qeyd etdik. Qardaşımız Türkiyə ən azı bizim qədər sevincli idi. Bunu bilməyənlər də artıq gördülər ki, bizim dərdimiz də birdir, uğurumuz da. Bu həmişə belə olaraq qalacaq. Və heç bir şər qüvvə bizim qardaşlığımızı poza bilməz.
Azərbaycanın yazdığı 44 günlük tarix, şanlı qələbə hələ çox danışılacaq. Əsr boyu heç kimin bacarmadığını bacaran Azərbaycanın bayrağı həmişə yüksəklərdə dalğalanacaq. Hər kəs bilsin ki, bizim zəfər yürüşümüz bundan sonra başlayır. Bu yürüş yolumuz çox şanlı və çox uğurlu olacaq!

AVP MEDİA. ƏHLİM SADIQBƏY