Torpaq qanla qarışanda vətən olduğunu biz Azərbaycanlılar əsrlər öncədən sübut etmişik. İndiki zamanda da bunu bütün dünyaya sübut etdik. Şanlı tarix səhifələrimizin ən sonuncusu olan 2-ci Qarabağ savaşı Azərbaycan oğullarının nə qədər qəhrəman olduğunu sübut etməklə yanaşı vətəni ana qədər çox istədiyimizi, bəzi hallarda anadan da çox dəyər verdiyimizi sübut etdi. Qələbəmizin bütün çalarlarında mərdlik, şücaət görmək mümkündür. İstər cəbhədə döyüşən əsgərlərimiz, istərsə də erməni vandallarının törətdiyi cinayətlərin qurbanı olan sadə sakinlərin timsalında bütün Azərbaycan xalqı öz qəhrəmanlığı ilə, əzmi ilə bütün dünyaya vətən sevgisi nümunəsini göstərdi. Torpaq sevgisinin nə demək olduğunu anlamayan düşmən bizim oğullarla bağlı dəfələrlə miflər uydurdular. Qeyri-leqal qüvvələrin dəstəyindən istifadə etməyimizi sübut etməyə çalışan düşmən hər dəfəsində ifşa edildi. Hətta iş o yerə çatmışdı ki, bəzi düşmən hərbiçiləri onlara qarşı insanların yox, hansısa qeyri-adi varlıqların döyüşdüyünü iddia edirdilər. Düşmənin belə uşaqcasına, qeyri-peşəkarcasına verilən açıqlamaları onların nə qədər miskin və qorxaq olduğundan xəbər verir. İllər boyu yenilməz erməni ordusu ilə qürurlanan ermənilərə şanlı Azərbaycan ordusu cəmi 44 gün ərzində bunun bir mif olduğunu göstərdi.

AVP MEDİA müxbir Elşən Məmmədov