Bir neçə gün bundan əvvəl Ermənistanın baş naziri N.Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışıb və bunu uğur kimi qələmə verən erməni “lideri” facebook səhifəsində “Putinlə Qarabağdakı vəziyyəti müzakirə etdiyini yazıb”
Müzakirənin mövzusunun “Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələri, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı, sülhməramlıların yerləşdirilməsi və sərhədlərin müəyyənləşdirilməsi, həmçinin nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı məsələlərin müzakirəsi olduğunu qeyd edib”
Hər zaman ərazilərimizə burnunu soxan və buna şərait yaratmaqda lider olan bu iki dövlətin Azərbaycana qarşı olacaq bütün planlarına hazır olmalıyıq.
Bu 44 günlük “Vətən müharibəsində” dünyamızda söz sahibi olan bir çox dövlətlərin düşmənimizə olan “sevgisi” , düşmənimizin apardığı “uğurlu siyasətin” ya da “gücünün” göstəricisi deyil.
Bu “demokratik” , “haqq yanında” olmaq istəyən və bunu aşkar ya da gizli edənlərin şəxsi maraqları onlara önəmlidir. Birinin güclü Azərbaycanın onun gələcək tarixinə yaradacağı narahatçılıq, birinin hər zaman bizim yanımızda olan Türk qardaşlarımıza olan nifrəti, birinin güclü Azərbaycanın onun gələcək tarixinə yaradacağı narahatçılıq, digərinin seçici problemi, bir başqasının geosiyasi maraqları və.s. Hər ölkənin marağı və yanaşması fərqlidir. Biz bu gündən elə bir yol tutmalıyıq ki, regionda bütün müsbət maraqlar bizə yönəlsin.
Bu gün Ermənistanda iqtisadiyyat demək olar ki, çöküb , idarəçilik yox, pandemiya tüğyan edir, hər gün etiraz nümayişləri var. Bu qədər problemlərin həlli Paşinyan üçün önəmli olmadığı çox aydın görünür. O, bu problemlərin əvəzinə şimal qonşumuzla Qarabağ problemini müzakirə etməsi heç də adi hal deyil.
Mənim fikrimcə Rusiya “sülhməramlılarının” olduğu yerlərdə ordumuzla birlikdə Türkiyə ordusuda yer almalıdır. İşğaldan azad olunmuş və ordumuzun nəzarətində olan ərazilərdə mövqeylərimiz möhkəmlənməlidir. Maddi texniki təchizatımız tam komplektləşdirilməlidir.
Lakin təkcə bunları etməklə istəyimizə nail ola bilmərik. Hər birimiz öz üzərimizə düşən məsuliyyəti dərk etməli və işimizi layiqincə, ləyaqətlə yerinə yetirməliyik ki, vətənimiz bütövləşsin.
Güclü Azərbaycan ordusu uzun illər işğal altında olan torpaqlarımızı azad etdikdən sonra düşmənimiz və onların havadarları azğınlaşıb. Azğınlaşanların ən vacib məqsədləri xalqımızın birliyini və bərabərliyini, siyasi bütövlüyümüzü, vahid mövqeyimizi yox etmək, qələbə qazandığımız tarixə kölgə salmaq və insanlar içində təşviş yaratmaqdır.
Azərbaycan xalqı düşmənin də, onun havadarlarının da niyyətlərini çox gözəl bilir. Biz onların nə qəddarlığından qorxuruq, nə də onların hiyləgərlikləri bizim birliyimizi və bərabərliyimizi poza bilməyəcək!
Biz indi daha güclü, daha möhkəm olmalıyıq. Vətən qarşısında məsuliyyətli vətəndaş olmalıyıq.
Biz “lazım gəlsə Qarabağı azad edəcəyik amma biz sülh yolu ilə bu problemin həll olunmasını istəyirik” deyəndə çoxları buna inanmırdı. İndi də düşmən və onun havadarları, qələbəmizə kölgə salan və inanmayan “həmyerlilərim” əmin olun ki, Azərbaycan ordusu, xalqı və cəmiyyəti lazım olsa 3-cü Qarabağ müharibəsindən də, 3-cü dünya müharibəsindən də üzü ağ çıxaraq öz məqsədinə çatacaqdır!