Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı. Bu qürurlu günləri bizə yaşadan güclü və qüdrətli Azərbaycan ordusuna, təmkinli və səbirli, qətiyyətli qərarları ilə seçilən Ali Baş Komandana, son ana qədər həmrəy və birliyi ilə düşmənin məğlub olmasında böyük səbəb olan xalqıma təşəkkür edirəm. Müharibə başladığı andan məlum atəşkəs müqaviləsi bağlandığı ana qədər bu ordu, ali baş komandan, xalq qələbəyə layiq tərəf idi. Çünki Azərbaycan ordusu, öz torpağlarından işğalçı və terroristləri rədd etmək üçün döyüş meydanında qan tökürdü. İllərdi danışıqların, görüşlərin heç bir əhəmiyyətini görməyən ölkə prezidentinin müharibədən başqa çıxış yolu yox idi. Əslində bu yol qaçılmaz idi. Bu yol bizə qeyrətimizi qaytardı. Ordumuzun gücünü, xalqımızın birliyini bütün dünyaya göstərdi.

Bu qürurlu günləri bizə bəxş edən cəsur və igid qardaşlarımıza, onların ailələrinə bir ömür borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət, döyüşlərdə yaralanan əsgər, gizir və zabit heyyətinə isə şəfa nəsib etsin.


Atəşkəsin tam dayandırılması ilə bağlı məlum bəyanat bizim üçün bir mənalı ola bilməz.
Rus ordusunun Azərbaycan torpaqlarına ayaq basması çoxlarını məyus etdiyi kimi məni də məyus etdi. Çünki tariximizdə saysız hesabsız qan izləri olan bir ordunun gəlişi məni sevindirə bilməz. Lakin bunun geosiyasi zərurət olduğunu da anlayıram. 


Bəlkə də Moskva ümumilikdə münaqişənin tənzimlənməsində “sülhməramlı” şəklində həlledici önəm daşımayan, Rusiyanın zədələnmiş imicini qismən xilas etməyə yönəlmiş bir rol aldı. Əmin olduğum bir məqam var ki, artıq Türkiyə Qafqazda iştirakını təmin edib və şimal qonşumuzun təkbaşına təsirinə son qoydu.


Hətta Rusiyanın hökümətdən asılı olmayan müstəqil politoloqları bu bəyanatın Türkiyənin qələbəsi kimi qiymətləndirdilər. Onlar bunun “Türk tələsi” olduğunu da səsləndirməkdən çəkinmədilər. Qərbin və  dolayısı ilə həm də Türkiyənin təsiri altında hakimiyyətdə qalmağı bacara bilən Paşinyan, Rusiyanın “sülhməramlı” misyasını zədələyən addım atarsa Kremlin bu regionda mövqeyi ciddi zərbə almış olar.


Düşünürəm ki, bu məsələ bizim gördüyümüzdən daha mürəkkəbdir. Biz “sülməramlıların” Qarabağa gəlməsini məğlubiyyət, ya da böyük faciə adlandırmayaq. Hal-hazırda hər birimizin üzərinə düşən məsuliyyət  bu günə qədər verdiyimiz dəstəyi ordumuza, prezidentimizə davam etdirməkdir.

AVP MEDIA Rəhbəri : Davud Naib